Qazaxıstanın əhalisi 2023-cü il oktyabrın 1-nə 19 milyon 967 min 964 nəfər olub. Onlardan 12 milyon 387 min 957 nəfəri şəhər, 7 milyon 580 min 007 nəfəri isə kənd sakinləridir.
Hafta.az-ın Kazinform-a istinadən yazdığına görə, bu barədə Qazaxıstanın Milli Statistika Bürosu məlumat yayıb. Məlumata görə, ilin əvvəlindən əhalinin artımı 1,02 faiz və ya 201,1 min nəfər təşkil edib. Ən yüksək əhali artımı Astana şəhərlərində - 4,06 faiz, Almatıda - 2,28 faiz və Manqistau vilayətində - 1,94 faiz qeydə alınıb.
Respublika əhəmiyyətli şəhərlərlə yanaşı, Türküstan (2137694 nəfər), Almatı (1524539 nəfər), Cambil (1221976 nəfər) və Qaraqanda (1135601 nəfər) vilayətlərində də əhalinin sayı milyondan yuxarı olub.
Əhalinin təbii artımı hesabına, yəni doğum və ölüm göstəriciləri nəzərə alınmaqla ölkə əhalisinin sayı 194753 nəfər artıb. Miqrasiya artımı hesabına say 6404 nəfər artıb ki, bu da müsbət saldodan xəbər verir.
Təbii hərəkət hesabına ən yüksək artım sürəti Türküstan bölgəsində qeyd olunub ki, burada əhalinin sayı 34097 nəfər, Çimkənddə 19242 nəfər, Almatı vilayətində 18251 nəfər artıb.
Mövcud artım sürətini nəzərə alaraq bu ilin noyabrında ölkə əhalisinin sayının 20 milyon nəfərə çatacağı gözlənilir.